CƏMİYYƏT
“Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsinin təşkili” layihəsi uğurla yekunlaşıb
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Astara rayonunda başlayan “Nitq və eşitmə qabiliyyəti məhdud gənclər üçün karyera düşərgəsinin təşkili” layihəsi uğurla yekunlaşıb.
Təşkilatın sədri və layihə rəhbəri Şamil Sabirzadə AZƏRTAC-a bildirib ki, layihədə sorğu əsasında seçilmiş 15 nəfər nitq və eşitmə qabiliyyəti məhdud gənclər iştirak edib. Düşərgə çərçivəsində təlimçi Fərid Seyfullayev və təşkilatın psixoloqu Nərmin Mir Hadi tərəfindən özünü tanıma, xarakter tipinin müəyyən olunması, peşə seçiminə və özünü kəşf etməyə mane olan düşüncələr, uğurlu karyera üçün lazım olan şəxslərarası bacarıqlar, şəxs və ya təşkilat üçün biznes rəqabəti və ya layihənin planlaşdırılması ilə bağlı güclü, zəif tərəfləri, imkanları və təhdidləri müəyyənləşdirməyə kömək etmək üçün istifadə olunan strateji planlaşdırma və strateji idarəetmə texnikası (SWOT analiz), peşə seçimi etmək, motivasiya və ixtisas seçimi, CV və motivasiya (istək) məktubunun hazırlanması, mental sağlamlığın qorunması, iş və şəxsi həyatın balansı və sair mövzularda təlimlər keçirilib. Həmin təlimlər qeyri-formal üsullarla, rol və simulyasiya oyunları, art-terapiyalar, diqqət oyunları, qrup işləri, təqdimatlar şəklində təşkil edilib.
Düşərgə çərçivəsində, həmçinin nitq və eşitmə qabiliyyəti məhdud gənclər Astara rayonunun gəzməli, görməli yerləri ilə tanış olublar. Düşərgədə iştirak edən nitq və eşitmə məhdudiyyətli gənclər və təlimçilər sertifikat və təşəkkürnamələrlə təltif ediliblər. Bütün tədbir təşkilatın jest dili təlimçisi və tərcüməçi Könül Quliyeva tərəfindən nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin ünsiyyət dili olan jest dilinə tərcümə olunub.