NİYAZİNİN “RAST” MUĞAM-BALETİ TAMAŞASININ TƏQDİMETMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, dirijor və bəstəkar Niyazinin “Rast” simfonik muğamı (1949-cu il) əsasında balet tamaşasının səhnəyə qoyulması respublikanın mədəni həyatında çox təqdirəlayiq haldır. İki pərdədən ibarət balet tamaşanın süjet xətti Azərbaycanın keçmişinə aid tarixi faktlar əsasında qurulmuşdur və eyni zamanda, bu günümüzlə də çox səsləşir. Çünki Azərbaycanın əzəli torpağı Qarabağın erməni qəsbkarları tərəfindən işğal olunduğu, çoxlu sayda insanların doğma yurd-yuvasından didərgin düşdüyü, qız-gəlinlərimizin düşmən əsirliyində əzab çəkdiyi indiki dövrdə heç şübhəsiz ki, xalqımızın şanlı keçmişi, onun mübariz ruhu, zülm və istibdada qarşı barışmazlığından bəhs edən, gənc nəslə vətənpərvərlik duyğuları təlqin edən səhnə əsərinə böyük ehtiyac duyulur. Qəhrəman qız Tomrisin yadelli işğalçılara qarşı Vətənin azadlığı uğrunda mübarizəsi, bu mübarizədə qılıncın gücü və qadın müdrikliyi ilə qələbə çalması tamaşanın leytmotivini təkşil edir. Baletin libretto müəllifi jurnalist Əjdər Hacıyev, quruluşçu baletmeyster - Azərbaycanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, musiqi rəhbəri və dirijoru, əməkdar incəsənət xadimi Cavanşir Cəfərovdur. Quruluşçu rəssamı Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, musiqi redaktoru respublikanın əməkdar incəsənət xadimi, professor Musa Mirzəyevdir. Tamaşada əməkdar incəsənət xadimi Yuliana Əlikişizadənin rəhbərlik etdiyi balet truppasının artistləri iştirak edirlər. Əsas rolları truppanın gənc solistləri Kamilla Hüseynova (Tomris), “Qızıl dərviş” mükafatı laureatı İslam İslamov (İran şahı), əməkdar artist Gülağası Mirzəyev (Atr) və Yelena Skomoroşenko (Banu) ifa edirlər. Tamaşada muğam parçalarını xalq artisti Alim Qasımov və Fərqanə, əməkdar artistlər Mənsum İbrahimov və Nəzakət Teymurova oxuyurlar.
Balet tamaşasına baxış uğurla keçmişdir. Tamaşaya NB Co LTD şirkəti və “Azərbaycan qaz emalı” Açıq Səhmdar Cəmiyyəti sponsorluq etmişlər.