MƏDƏNİYYƏT
Novruz bayramı münasibətilə Qardabanidə şənlik təşkil olunub
Tbilisi, 19 mart, AZƏRTAC
Gürcüstanın Qardabani rayonundakı Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Novruz bayramı münasibətilə şənlik təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin müəllimləri və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Raul Əliyev şənliyə toplaşanları bayram münasibətilə təbrik edib.
Bildirib ki, Novruz insanları birləşdirən yenilik və sülh bayramıdır. O, Novruz bayramının Azərbaycan xalqının tarixi yaddaşındakı yerini qeyd edib, onun geniş coğrafiyasını və türkdilli xalqların mədəniyyətini formalaşdıran mühüm amillərdən biri olduğunu diqqətə çatdırıb.
Novruz bayramının yenilənmə rəmzi olduğunu deyən R.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin bu bayramının əsas meyarları ilə üst-üstə düşdüyünü bildirib, xalqımızın və ümumiyyətlə, regionun tarixində yeni mərhələnin başladığını vurğulayıb, eləcə də bölgəmizdə sülhün və əmin-amanlığın tezliklə bərqərar olacağına ümidini ifadə edib.
Sonra şagirdlər bahara aid şeirlər söyləyib, yumurta döyüşdürüblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi