SİYASƏT
“OCAQ” CƏMİYYƏTİ MOSKVADA XATİRƏ GECƏSİ TƏŞKİL ETMİŞDİR
Moskva, 4 dekabr (AZƏRTAC). Moskva Millətlər Evində iki böyük azərbaycanlının - tarix elmləri doktoru, professor Saleh Əlyevin və tibb elmləri doktoru, professor Svetlana Qasımovanın xatirələrinə həsr olunmuş gecə keçirilmişdir. Yaşasaydılar professor S.Əliyevin 80 yaşı, S.Qasımovanın isə 70 yaşı tamam olacaqdı.
“Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri, professor Tofiq Məlikli gecəni açaraq demişdir: “Hər iki həmvətənimiz bizləri beş il əvvəl tərk etsə də, onların nurlu xatirələri Moskvadakı Azərbaycan diaspor nümayəndələrinin qəlblərində daim yaşayacaqdır”. T.Məliklinin sözlərinə görə, bu insanların elmə, mədəniyyətə və ictimai həyata töhfələri o qədər böyükdür ki, dostları və silahdaşları onların yoxluğunu indiyədək hiss edirlər.
Görkəmli şərqşünas-İranşünas Saleh Əliyev “XX əsrdə İran tarixi” kimi nadir əsərin müəllifidir. O, “Azərbaycan Xalq Cümhuriyyəti tarixi”ni ilk yazanlardan biridir. Əsərlərində azərbaycanlıların entogenezinə, Şərq xalqlarının əlaqələrinə və digər mövzulara xüsusi diqqət yetirmişdir. Onun ictimai fəaliyyəti də böyükdür. Saleh Əliyev Moskvadakı diasporumuzun yaradılmasının təşəbbüskarlarından biridir. O, “Ocaq” cəmiyyətinin rəhbərlərindən biri olmuş, həmişə Rusiyadakı həmvətənlərimizin mənafelərini qorumuş, sovet və postsovet dövlərində həmvətənlərimiz arasında maarifləndirmə işləri aparmışdır.
Böyük alim, həkim Svetlana Qasımova uzun illər Burdenko adına Neyrocərrahiyyə İnstitutunda işləmiş, həm elmdə, həm də ictimai həyatda öz sözünü demişdir. Azərbaycan diasporunun fəal üzvlərindən biri olmuş Svetlana xanım onun yaradılması və möhkəmlənməsi naminə çox işlər görmüşdür.
Azərbaycan diasporunun, Moskva ziyalılarının və administrasiyasının nümayəndələrinin çıxışlarında S.Əliyev və S.Qasımovanın xidmətləri və fəaliyyəti diqqət mərkəzində olmuşdur. RF Prerzidenti yanında Dövlət Xidməti Akademiyasının dosenti Svetlana Pesteryakova, Milli Məclisin deputatı Cəmil Həsənli, Neyrocərrahiyyə İnstitutu direktorunun müavini Yaşar Həsənov, şair Nəsib Nəsiboğlu, yazıçı İlham Bədəlbəyli və başqaları çıxışlarında vurğulamışlar ki, S.Əliyevin və S.Qasımovanın nurlu xatirələri onları tanıyanların qəlblərində daim yaşayacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva