RƏSMİ XRONİKA
OĞUZ–QƏBƏLƏ-BAKI SU KƏMƏRİNİN TİKİNTİSİ UĞURLA DAVAM EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Qobustan rayonuna səfərini başa çatdırdıqdan sonra, İsmayıllı rayonunun Gəraybəyli kəndi yaxınlığında Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin gedişi ilə tanış olmuşdur.
İnşaatçılar Azərbaycan Prezidentini və xanımını səmiyyətlə qarşıladılar. “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bu ilin mart ayında tikintisinə başlanılmış su kəmərinin keçəcəyi ərazilərdə - Qəbələ, Ağsu və Bakıda inşaat işlərinin görülməsi üçün 3 düşərgə yaradılmışdır. Hacıqabul ərazisində isə dördüncü düşərgənin yaradılması nəzərdə tutulur. Tikinti işlərinə 300-dən çox texnika cəlb olunmuşdur. Burada istifadə olunan borular Sumqayıtda istehsal edilir. Kəmərin Gəraybəyli kəndi yaxınlığına qədər çəkilmiş hissəsində 250 ədəd havaburaxıcı və suburaxıcı qurğu quraşdırılmışdır. Su kəmərinin 217 kilometrlik hissəsinə 10 atmosfer təzyiqinə davamlı, qalan hissələrinə isə 16, 20 və 22 atmosfer təzyiqinə tab gətirən borular düzüləcəkdir. Oğuzdan su öz təzyiqi ilə gələcək, nasoslara ehtiyac qalmayacaqdır. Relyefə görə təhlükəsizlik baxımından bütün tədbirlər görülür. 12 ədəd çay keçidi, 10 ədəd yol keçidi, 33 ədəd dəmiryol keçidi inşa olunmuşdur. İndiyədək 760 min kubmetrdən çox torpaq işləri görülmüşdür. Borular 4,2 metr dərinlikdə basdırılır.
Prezident İlham Əliyev podratçı şirkətlərin nümayəndələrindən işlərin gedişini soruşdu. Məlumat verildi ki, işlər plana uyğun gedir və boruların keyfiyyəti yüksəkdir. Dövlətimizin başçısı kəmərdə yüksək təzyiqin aşağı salınması üçün Göyçay və Bakı yaxınlığında qurğuların quraşdırılmasına ehtiyac olduğunu bildirdi. Prezidentə məlumat verildi ki, bütün bunlar nəzərə alınmışdır, təzyiqin azaldılması məqsədi ilə xüsusi qurğular quraşdırılacaqdır. Tikintidə işlər kompleks şəkildə görülür. 600 yerli inşaatçı çalışır və əmək haqqı 300-1500 manat həddindədir.
Prezident İlham Əliyev bildirdi ki, gələcəkdə bir çox kəmərlər də çəkiləcək, bunlarda ölkəmizdə istehsal olunan borulardan istifadə ediləcək və beləliklə, yeni böyük istehsal sahəsi yaranır.
Sonra dövlətimizin başçısı boruların düzülməsi prosesini izlədi. Smeta dəyəri təxminən 480 milyon manat olan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi nəzərdə tutulduğu kimi, 2008-ci ildə başa çatdırılacaq və istifadəyə veriləcəkdir.
Prezident İlham Əliyev inşaatçılara uğurlar arzuladı, onlarla xatirə şəkli çəkdirdi.