ÖLKƏMİZDƏ SƏFƏRDƏ OLAN BÖYÜK BRİTANİYALI DEPUTATLARLA XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ OLMUŞDUR
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin başçısı Brayan Cenkins, ilk dəfə olaraq belə geniş tərkibdə Bakıya səfər etdiklərini bildirmiş, bu səfərdən məqsədin ölkələrimizin parlamentləri arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə dəstək olduğunu nəzərə çatdırmışdır. Daha sonra Britaniyalı deputatlar nazir Elmar Məmmədyarova Azərbaycanın xarici siyasətinin prioritetləri, Avropa Birliyi ilə qarşılıqlı əlaqələrdə nəzərdə tutduğu əsas məqsədlər və həmçinin beynəlxalq aləmin aktual məsələləri ilə bağlı suallar vermişlər.
Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasəti qarşısında duran əsas məsələlər barədə məlumat verərək, Avropa Birliyinə, o cümlədən Avratlantik qurumlarına inteqrasiyanın xarici siyasətimizin prioritetlərindən birini təşkil etdiyini, həm təhlükəsizlik, həm də iqtisadi rifah baxımından bu istiqamətin ölkəmiz üçün mühüm önəm daşıdığını diqqətə çatdırmışdır. Azərbaycanın mühüm coğrafi-siyasi məkanda yerləşdiyini və zəngin enerji resurslarına malik olduğunu qeyd edərək, Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın qurulması üçün geniş imkanlar olduğunu və tərəflər arasında bu sahədə Memorandumun imzalanacağını bildirmişdir. AB-yə üzvlük məsələsinə toxunan nazir təşkilatla Azərbaycan arasında fəaliyyət planının cari ilin noyabrında qəbul olunacağını söyləyərək, bu plan əsasında ölkəmizdə bir sıra islahatların həyata keçirildiyini vurğulamışdır.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verən nazir, münaqişənin mərhələli həlli barədə danışmış, ilk növbədə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, sülhməramlı qüvvələrin həmin ərazilərdə yerləşdirilməsi, reabilitasiya və minalardan təmizləmə əməliyyatının aparılması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının vacibliyini diqqətə çatdırmışdır. Digər tərəfdən, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verildiyini, tezliklə Cənubi-Qafqaz qaz kəmərinin də işə salınacağını, Ermənistanın isə qeyri-konstruktiv siyasəti nəticəsində bu regional layihələrdən kənarda qaldığını söyləmişdir.
Britaniyalı deputatların aktual beynəlxalq məsələlərlə bağlı suallarını cavablandıran nazir, Azərbaycanın qonşu respublikalar, həmçinin Çin və Xəzərətrafı ölkələrlə əlaqələri haqqında qonaqlara məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.