Ordumuz düşmənin hərbi təxribatlarına layiqli cavab verir - Şərh
Bakı, 20 iyul, AZƏRTAC
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə iyulun 15-də Brüsseldə keçirilmiş üçtərəfli görüşdə gələcəkdə imzalanması müzakirə edilən sülh müqaviləsi ilə əlaqədar danışıqlarda müəyyən irəliləyiş olub. Danışıqların nəticəsinə həsr edilmiş brifinqdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı səsləndirdiyi və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən müsbət fikirləri müəyyən qüvvələrin, xüsusən Rusiyadakı bəzi qüvvələrin və Ermənistandakı revanşistlərin, eləcə də Xankəndidəki separatistlərin narahatçılığına səbəb olub. Çünki Rusiya Azərbaycan və Ermənistanın bilavasitə ərazisində dolayısı yolla olsa da baş verən hadisələrin iştirakçısıdır və tənzimləmə prosesindən kənarda qalmaq ehtimalından narahatdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ehtiyatda olan polkovnik-leytenant, Heydər Əliyev adına Hərbi İnstitutun baş müəllimi, hərbi ekspert Vüqar Əliyev deyib.
Bildirilib ki, müharibə siyasətin digər yollarla davamı olduğu üçün Rusiya Azərbaycanın Qarabağ iqtisadi zonasındakı sülhməramlı kontingentin, Xankəndidəki qeyri-qanuni silahlı dəstələrin və Ermənistanda olan hərbi imkanların və revanşist qüvvələrin əli ilə hadisələrin gedişatına təsir imkanlarını nümayiş etdirir və narazılıqlarını hərbi vasitələrlə, müəyyən coğrafiyada ifadə edir.
Hərbi əməliyyatların coğrafiyasına nəzər saldıqda Brüsseldə aparılmış danışıqların geniş auditoriyaya açıqlanmayan təfərrüatları sezilməkdədir. Hərbi insidentlər Ermənistan ərazisində qalmış tarixi doğma torpağımız olan Qərbi Zəngəzurun Naxçıvan, Azərbaycana bitişik şərti sərhədləri boyu sahələrdəki döyüş mövqelərində və Qarabağda Rusiya sülhməramlı kontingentinin gözü qarşısında qanunsuz erməni silahlı dəstələrinin mövqelərində baş verir.
Azərbaycan Ordusu Vətən müharibəsindəki tarixi Qələbədən sonra da gündən-günə qüdrətlənir, müasirləşir, ən yeni hücum və müdafiə sistemləri ilə təchiz olunur. Brüsseldə baş tutmuş danışıqlar ərəfəsində bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Ali Baş Komandan İlham Əliyev bu barədə ətraflı danışıb.
Ölkəmiz öz hərbi texniki imkanları sayəsində Ermənistan silahlı birləşmələrinin, eləcə də qanunsuz erməni silahlı dəstələrinin yerdəyişmələrini və fəaliyyətlərini daim gecə və gündüz müşahidə edir və lazımi adekvat tədbirlər görür.
“Qardaş Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğun olaraq Azərbaycan Ordusunda yeni yaradılan komando bölmələrinin birbaşa təyinatı dağlıq, meşəlik kimi çətin relyefli və yaşayış məntəqələri olan ərazilərdə fəaliyyət göstərməkdir. Dolayısı ilə Ordumuz və ümumilikdə Silahlı Qüvvələrimiz düşməni əhatə edən hərbi zəncir mövqelərini möhkəmləndirir və hərbi təxribatlarına layiqli cavab verir, rəqibin əl-qolunu bağlayaraq bölgədə cərəyan edən proseslərə hərbi təsir imkanlarını məhdudlaşdırır. Bu isə Ermənistanı, onun havadarlarını və Xankəndidə olan separatçı qüvvələri qorxudur, təşvişə salır, həmçinin onların gələcəkdə nə ilə qarşılaşacaqlarına işarədir və əyani nümunədir”, - deyə Vüqar Əliyev vurğulayıb.