SİYASƏT
OSLODA AZƏRBAYCAN MUSİQİSİ SƏSLƏNDİRİLƏCƏKDİR
Bakı, 2 iyun (AZƏRTAC). İyunun 13-də Norveçin paytaxtı Osloda Azərbaycan musiqisindən ibarət konsert olacaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Norveç Azərbaycanlı Gənclər Təşkilatının təşkil edəcəyi konsertdə muğam ifaçısı Elməddin İbrahimov, habelə Sahib Paşazadə (tar) və Toğrul Əsədullayevdən (kamança) ibarət üçlüklə yanaşı, müğənnilər Lalə Məmmədova, Rəşad İlyasov, Əfqan Rəsul və digərləri çıxış edəcəklər.
Konsertdən sonra Norveç Azərbaycanlı Gənclər Təşkilatının polşalı üzvü Justyna Rozadskanın hazırladığı “Müasir və qədim Azərbaycan”, Norveç və Azərbaycan gənclərinin dostluq və əməkdaşlığına həsr olunmuş fotosərgilərin açılışı olacaqdır.
Sərgilərdə Azərbaycana, Bakı və Osloya həsr olunmuş rəsmlər də nümayiş etdiriləcəkdir. Tədbirdə qonaqlara Azərbaycan şirniyyatı təqdim olunacaqdır.
Norveç Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Ramil Əliyev demişdir ki, bu cür konsert və sərgilərin keçirilməsindən məqsəd Norveçdə yaşayan soydaşlarımızı bir yerə toplayaraq onlara həm klassik muğam, həm də müasir Azərbaycan musiqisini təqdim etməkdir. Belə layihələr, həmçinin Azərbaycan mədəniyyətini norveçlilərə və Norveçdə yaşayan əcnəbilərə tanıtmaqda da böyük rol oynayır. Buna görə də Norveç Azərbaycanlı Gənclər Təşkilatı Osloda yaşayan soydaşlarımıza maraqlı bir müraciət ünvanlamışdır. Müraciətdə xahiş olunur ki, hər bir azərbaycanlı konsertə norveçli və ya hər hansı əcnəbi dostu ilə gəlsin.
Konsertə və sərgiyə qatılan qonaqlara Azərbaycana, xüsusilə Dağlıq Qarabag münaqişəsinə dair kitablar, jurnallar, eləcə də ölkəmizin turizm imkanlarına aid materiallar təqdim olunacaqdır.
######