Özbəkistanın “tnews.uz” portalı: “XX əsrin faciəsi - Xocalı soyqırımı”
Daşkənd, 26 fevral, АZƏRTAC
Özbəkistanın “tnews.uz” portalında rus dilində “XX əsrin faciəsi - Xocalı soyqırımı” sərlövhəli məqalə yerləşdirilib. Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımı haqqında söylədiyi “Bu qəddar və amansız soyqırımı aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil oldu” fikri sitat gətirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 200 il ərzində Azərbaycan xalqının erməni şovinistləri tərəfindən etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmasından söz açılır. Qeyd olunur ki, azərbaycanlılar zaman-zaman öz tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkünə çevrilib. Bütün bunlar ermənilər tərəfindən azərbaycanlılara qarşı kütləvi qətllərlə müşayiət edilib. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək istəyir, bu yolda hər cür vəhşiliyə və cinayətə əl atır. XX əsrin faciəsi olan Xocalı soyqırımı ermənilərin cinayətkar və təcavüzkar siyasətinin nəticəsidir.
Məqalədə Xocalı soyqırımı haqqında statistik məlumatlar da diqqətə çatdırılıb.
Vurğulanır ki, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilib. Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi faciələri ilə eyni sırada durur.
Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd