DÜNYA
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib

Vatikan, 24 sentyabr, AZƏRTAC
Müxtəlif ölkələrin Ukraynaya silah yardımı ilə bağlı fikirlərini dəyişdirdiyini görürəm. Həmin ölkələr Ukrayna xalqının şəhid olacağı bir prosesə başlayırlar və bu, qəbuledilməz haldır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Fransanın Marsel şəhərindən apostol səfərindən qayıdarkən təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırarkən deyib.
Papa Fransisk Ukraynada sülh missiyasının rəhbəri kimi təyin etdiyi İtaliya Yepiskopları Konfransının prezidenti, Bolonya arxiyepiskopu kardinal Matteo Zuppinin təşəbbüslərində bu vaxta kimi konkret irəliləyişin olmamasından məyusluğunu ifadə edib.
“Bir qədər məyusluq var. Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bu məsələdə kömək etmək üçün hər şeyi edir və Matteo Zuppi də indiyədək müxtəlif səfərlər həyata keçirib. Rusiyaya aparılan ukraynalı uşaqlarla bağlı məsələdə irəliləyiş var. Ukraynalılar bu gün və tarix boyu çox əziyyət çəkiblər. Bu xalqın şəhid olması ilə bağlı oyunlar oynamamalıyıq. İmkan daxilində onların problemlərinin həllinə kömək etməliyik”, – deyə pontifik vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan