Parisdə açılmış Beynəlxalq turizm sərgisində Azərbaycan guşəsi böyük maraq doğurmuşdur
Paris, 25 sentyabr (AZƏRTAC). Sentyabrın 24-də Parisin möhtəşəm “Porte de Versaille” sərgi salonunda “Top-Rese-2013” Beynəlxalq turizm sərgisi açılmışdır.
Üç gün davam edəcək sərgidə 151 ölkədən minə yaxın turizm şirkəti öz imkanlarını nümayiş etdirir.
Beynəlxalq turizm sərgisini Fransanın turizm naziri xanım Silvia Pinel açmışdır.
Açılış mərasimində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun hazırladığı və ölkəmizin tarixindən, mədəniyyətindən, incəsənətindən, həmçinin turizm imkanlarından bəhs edən əyani vəsaitləri fransalı nazirə hədiyyə etmişdir.
Bundan əlavə, “Bakı” futbol klubu adından nazirə klubun fəaliyyətindən, Fransa ilə əməkdaşlığından bəhs edən müxtəlif hədiyyələr təqdim olunmuş, Gəncədə keçiriləcək şərab və üzüm festivalı haqqında məlumat verilmişdir.
Sərgi salonunun 60 kvadratmetrlik sahəsində yaradılan Azərbaycan guşəsi öz zənginliyi ilə elə ilk andan iştirakçıların diqqətini cəlb etmiş və böyük maraq doğurmuşdur.
Azərbaycanın tarixindən, zəngin və qədim mədəniyyətindən, əsrarəngiz təbiətindən və turizm potensialından bəhs edən bukletlər, broşürlər, suvenirlər və digər əyani vəsaitlərin nümayiş etdirildiyi stendlə yanaşı, “Lens” futbol klubu ilə əməkdaşlıq edən “Bakı” futbol komandasının ayrıca stendlə təmsil olunması qonaqların diqqətini cəlb etmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Rauf Paşayev AZƏRTAC-a bildirmişdir ki, ölkəmiz belə beynəlxalq təşkilatda artıq dördüncü dəfədir iştirak edir. Elektron yazışmalar sisteminin tətbiqi sayəsində nazirliyimiz elektron vizanı əldə etmək üçün birbaşa əlaqə yaratmaq imkanı qazanmışdır. Bu istiqamətdə vəziyyət tamamilə yaxşılaşmışdır. Yaranan əlverişli şərait Azərbaycanın bir çox beynəlxalq turizm sərgisində iştirakına imkan yaratmışdır. Bu sərgidə ölkəmizi artıq böyük təcrübəyə malik olan “AZAL”, “Silk Ways taravel”, “Billur Travel”, “Geo Travel”, “Gilan Travel”, “Millenium Travel” və digər turizm şirkətləri təmsil edirlər.
Nazirliyimiz Fransada keçirilən ən böyük turizm sərgilərindən olan bu sərgidə şirkətlərimizlə birgə bir neçə dəfə belə guşə təşkil etmişdir.
Nazirliyin əməkdaşı daha sonra demişdir: “Artıq Fransa və digər ölkələrin turizm şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmişik. Nazirliyimizə bəzi piar kampaniyaların nümayəndələrindən təkliflər daxil olmuşdur. Bu təkliflər Azərbaycanın turizm potensialının Fransada və Avropanın digər ölkələrində inkişafına yönəldilmişdir. Əminəm ki, bu sərgi başa çatdıqdan sonra ölkəmizə Fransadan və Avropadan çoxsaylı turist gəlişi davam edəcəkdir”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris