Paytaxt məktəblərində idman həftəsi
Bakı, 5 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, idman həftəsi çərçivəsində şagirdlər idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirləri, həmçinin məktəblərin maddi-texniki bazasının və idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, idmana göstərilən dövlət qayğısı barədə məlumatlandırılırlar.
İdman həftəsi çərçivəsində məktəblilər səhər gimnastikası edir, şagirdlərə idman növləri haqqında geniş məlumat verilir, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılır.
Məktəblərdə idmançılarla görüşlər keçirilir. Həmçinin idman viktorinası və “Olimpiya oyunları uşaqların gözü ilə” sərgiləri təşkil olunur. Ümumi təhsil müəssisələrində sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri, rəsm müsabiqəsi, “Ən sürətli şagird qaçış yarışı” da keçirilir.
Bundan başqa, idman həftəsi çərçivəsində “Şən startlar” estafet yarışı, basketbol və qol güləşi yarışlarının təşkili, idmanla bağlı esselərin yazılması nəzərdə tutulur.