Pirallahı rayonunda Elmar Nəbiyev küçəsi təmir edilir
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Pirallahı rayonunun Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsinin əsaslı təmiri aparılır.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, 1.3 kilometr uzunluğa, ortalama 5 metr enə malik sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.
Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Təmir işləri çərçivəsində kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.
Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq.