Polina Rəhimova: “Çexiya millisi ilə oyuna qələbə üçün çıxacağıq”
Bakı, 18 avqust, AZƏRTAC
Komandada döyüşkən əhval-ruhiyyə var.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib.
33 yaşlı hücumçu Avropa çempionatına yaxşı hazırlaşdıqlarını bildirib: “İnamlı çıxış etmək üçün motivasiyamızı yüksək saxlamalıyıq. Bir neçə mərhələdən ibarət təlim-məşq toplanışı keçmişik. Buradakı hava şəraitinə və saat fərqinə uyğunlaşmışıq. Qrupda ilk iki yerdən birini tutmaq istəyirik”.
Millimiz C qrupunda ilk matçını bu gün Çexiya kollektivinə qarşı keçirəcək. Təcrübəli voleybolçu oyuna qələbə üçün çıxacaqlarını vurğulayıb: “Tam olaraq qalibiyyətə köklənmişik. Yalnız qələbə barədə düşünürük. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Rəhimova yığmanın qarşısında duran hədəfləri də açıqlayıb: “Məqsədimiz maksimum dərəcədə irəliləyib Azərbaycanın reytinqini artırmaqdır. Favorit olmadığımızı başa düşürük. Çünki burada Türkiyə, İtaliya və Serbiya kimi güclü komandalar var. Buna baxmayaraq, yaxşı nəticə üçün bütün gücümüzü ortaya qoymalıyıq”.
Üç ildən sonra Azərbaycan millisinə qayıdan hücumçu komandaya kömək etmək əzmində olduğunu əlavə edib: “Yığmada bəzi gənc voleybolçular var. Təcrübəli oyunçularla daha əvvəl birlikdə oynamışam. Bir-birimizi yaxşı başa düşürük. Buraya komandama kömək etmək üçün gəlmişəm. Yığmaya yada verə bilsəm, bu, təbii ki, məni sevindirəcək. Məşqlərdə çox çalışıram. Ümid edirəm ki, ən yaxşı oyunlarımı keçirəcəyəm”.
Qeyd edək ki, Azərbaycan - Çexiya görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.