Praqa İqtisad Universitetinin kollektivi Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
Praqa, 6 may, AZƏRTAC
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Türkiyə və Küveytin səfirləri ilə birgə Praqa İqtisad Universitetində “İslam və Avropa. Avropa İttifaqı ölkələri ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirənin keçirildiyi böyük auditoriyada yerli tələbələrlə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunda təmsil olunan bir sıra ölkələrin səfirləri və nümayəndələri iştirak ediblər.
Qrupun nümayəndələri və tələbələr qarşısında çıxış edən səfir Fərid Şəfiyev Azərbaycanın müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşdiyini qeyd edib, çətin regionda olmasına baxmayaraq, ölkəmizdə sabitlik və əmin-amanlığın bərqərar olduğunu vurğulayıb. Azərbaycanlı diplomat müxtəlif dini konfessiyalara malik qrupların ölkəmizdə sülh və tolerantlıq şəraitində birgə mövcudluğunu xüsusi qeyd edib və belə bir modelin digər regionlar üçün nümunəvi roluna diqqəti çəkib. Səfir, habelə Azərbaycan-Çexiya, Azərbaycan-Avropa İttifaqı ölkələri arasındakı münasibətlərin müxtəlif aspektləri haqqında söhbət açıb.
Fərid Şəfiyev İslam mədəniyyəti və dəyərlərinin Qərbdəki imici, bu dəyərlərə qarşı mövcud olan anlaşılmazlıqlar haqqında da bəhs edib.
Türkiyə və Küveytin Çexiyadakı səfirləri tərəfindən müvafiq çıxışlar başa çatdıqdan sonra auditoriyanın sualları cavablandırılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa