Praqada Marşal Konevin şərəfinə xatirə plitəsi qoyulub
Praqa, 23 iyun, AZƏRTAC
Çexiya paytaxtındakı Jijov rayonunun meriyası rayon ərazisində Sovet İttifaqı Marşalı İvan Konevin şərəfinə xatirə plitəsi ucaldıb.
AZƏRTAC xəbər verir ki, xatirə plitəsində Marşal Konevin igidliyi və onun rəhbərlik etdiyi diviziyaların Praqanın faşizmdən azad edilməsində rolu barədə bu sözlər yazılıb: “İvan Stepanoviç Konev (1897-1973) - İkinci Dünya müharibəsi dövründə məşhur Sovet sərkərdələrindən biri. Sovet İttifaqı Marşalı, 1-ci Ukrayna cəbhəsinin komandanı. Bu cəbhə hissələri 1945-ci il mayın 9-da birinci olaraq Praqaya daxil olub. 1956-cı ildə Konev Macarıstan üsyanının Sovet ordusu tərəfindən yatırılmasına rəhbərlik edib. 1961-ci ildə Berlin divarının ucaldılması ilə başa çatmış, belə adlandırılan İkinci Berlin böhranı dövründə Almaniyada Sovet Qoşunları Qrupuna başçılıq edib. 1968-ci ilin avqust ayında Varşava müqaviləsi ölkələrinin qoşunlarının Çexoslovakiyaya yeridilməsi ərəfəsində, həmin ilin baharında Konevin başçılıq etdiyi hərbi nümayəndə heyətinin üzvləri bu ölkədə kəşfiyyat fəaliyyəti ilə məşğul olublar. Küçənin əvvəlki adları Vyana, Podebradov, Brno olub. 1947-ci ildən Konev küçəsi adlanır”.
Xatırladaq ki, keçən il Praqa şəhərinin hakimiyyət orqanlarının qərarına əsasən şəhərin altıncı rayonunda Konevin abidəsi sökülüb, nəticədə Çexiya-Rusiya münasibətləri mürəkkəbləşib. Bu qərar bir sıra başqa ölkələrdə də tənqidlə qarşılanıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa