PREZİDENT İLHAM ƏLİYEV ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ DAİR BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ ETMİŞDİR
Oktyabrın 11-də “Vilnüs enerji təhlükəsizliyi konfransı 2007: Məsul tərəfdaşlar üçün məsul energetika” mövzusunda beynəlxalq konfrans öz işini davam etdirmişdir.
Konfransda Azərbaycan, Litva, Ukrayna, Polşa, Rumıniya prezidentləri, Avropa İttifaqının, ABŞ-ın və bəzi başqa ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak edirdilər.
Dövlətimizin başçısını Litva və Polşa prezidentləri Valdas Adamkus və Lex Kaçinski qarşıladılar.
İclasa sədrlik edən Litvanın Baş naziri Gediminas Kirkilas dövlət başçılarını salamladı və konfransın uğurlu olacağına əminliyini bildirdi.
Litva Prezidenti Valdas Adamkus “Avropa İttifaqının energetika sahəsində xarici siyasətinin inkişafına dair təkliflər” mövzusunda məruzə ilə çıxış etdi. O dedi ki, Vilnüs konfransında Avropa və dünya siyasətinin prioritet məsələləri müzakirə olunur, müasir dövrün energetika problemlərinin, o cümlədən enerji resurslarının ixracçılarından asılılıq, vasitəçilərin şübhəli xidmətləri, qlobal istiləşmə problemi kimi məsələlərin həlli axtarılır.
“Qlobal problemlərin qlobal həllərə ehtiyacı var” - deyən Valdas Adamkus bildirdi ki, Litva razılaşdırılmış energetika siyasəti sahəsində region ölkələri ilə, o cümlədən Rusiya ilə də əməkdaşlıq etmək niyyətindədir, bu ölkənin rəhbərliyinə konfransın işində iştirak etmək üçün dəvət göndərilmişdir.
Polşa Prezidenti Lex Kaçinski Xəzər dənizi, Qara dəniz və Baltik regionu ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə dair təkliflərlə çıxış etdi.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun konfrans iştirakçılarına videomüraciəti təqdim olundu.
Sonra ümumi iclasda sədrlik edən Litvanın Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevə söz verdi.