PREZİDENT İLHAM ƏLİYEV YEVLAX ŞƏHƏRİNƏ GƏLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də günün ikinci yarısında Yevlax şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı və xanımı şəhərin mərkəzində yerləşən Heydər Əliyev xiyabanına gəldilər. Burada konsert proqramı təşkil olunmuşdu. Prezident İLHAM ƏLİYEV xiyabana toplaşanları salamlayaraq dedi:
-Əziz bacılar və qardaşlar, əziz yevlaxlılar!
Axşamınız xeyir olsun, mən elə indi gəlmişəm və eşitmişəm ki,
burada gözəl konsert olacaq və məni də gözləyirsiniz. Ona görə sizinlə görüşə gəldim. Hamınızı ürəkdən salamlayıram.
Burada gördüklərim bir daha təsdiqləyir ki, Yevlax çox sürətlə inkişaf edir, dirçəlir. Mən burada axırıncı dəfə inişil, iki il bundan əvvəl olmuşam. Sabah şəhərdəki yeniliklərlə daha da yaxından tanış olacağam. Amma məlumatım var, bilirəm ki, burada çoxlu işlər görülür, fabriklər, zavodlar tikilir, abadlıq işləri aparılır, parklar salınır, insanların istirahəti üçün gözəl şərait yaradılır.
Şəhərin bu axşam görüntüsü, - yəqin, siz də bunu təsdiqləyərsiniz, - elə bil ki, dünyanın ən qabaqcıl şəhəri səviyyəsindədir. Azərbaycan inkişaf edir, Azərbaycan çiçəklənir. Azərbaycanın bütün bölgələrində işlər elə gedir və getməlidir ki, ən yüksək dünya səviyyəsi Azərbaycana gəlsin və biz buna nail oluruq. Mən Yevlaxın timsalında bunu görürəm. Bilirəm ki, burada yerli icra orqanları çox səmərəli, çox böyük fədakarlıqla, böyük işgüzarlıqla işləyir. Burada yaradılan bu gözəl şərait insanlara xidmət edir.
Mən bu gün çox danışmaq istəmirəm, sabah biz görüşəcəyik. Sadəcə, gəldim ki, sizə öz ürək sözlərimi deyəm, öz məhəbbətimi, öz hörmətimi bütün yevlaxlılara çatdıram. Hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.
X X X
Sonra Prezident İlham Əliyev və xanımı ulu öndərin fəaliyyəti ilə bağlı görüntülər əks olunan musiqili, rəngli fəvvarəni seyr etdilər.