Prezident İlham Əliyevin Macarıstana səfəri ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açacaq - Ekspert
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.
Enerji siyasətinin digər mühüm komponenti Avropaya “yaşıl enerji”nin ixracı ilə bağlıdır. Azərbaycan Avropanın mühüm “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib.
Azərbaycanla Macarıstan arasında strateji münasibətlərin son illər daha da dərinləşməsinin müşahidə olunduğunu vurğulayan E.Kərimli deyib: “Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın əsas tərəfdaşlarından hesab edilir. 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 26 faiz artaraq 47,399 milyon dollara çatıb. Bu ilin ilk yarısında isə tərəflər arasında 23,990 milyon dollarlıq ticarət qeydə alınıb. Artım tendensiyasına baxmayaraq, Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etdirilməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə qoyuluşlarını, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
Macarıstan Azərbaycan ilə enerji əməkdaşlığını genişləndirmək istəyən Avropa ölkələrindəndir. Macarıstanın “MVM CEEnergy” dövlət şirkəti və Azərbaycanın SOCAR şirkətləri arasında bu il iyunun 2-də imzalanmış müqaviləyə əsasən, Azərbaycan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək. Bütövlükdə Macarıstan Azərbaycandan ildə 2 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib”.
Ekspert bildirib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5 milyard kubmetrədək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycandan daha çox qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yarada bilər.
Dövlətimizin başçısının Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Bütövlükdə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri iki ölkə ilə yanaşı, Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Məlum olduğu kimi, Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişmiş ölkədir. Macarıstanla da bu sahədə ölkəmizin sıx əməkdaşlığı mövcuddur. Macarıstan Azərbaycan qazını idxal etməklə bərabər, digər ölkələrə ötürülməsində tranzit ölkə rolunu da oynayır. Enerjidən əlavə, ölkələrimizin nəqliyyat, təhsil və minatəmizləmə sahələrində də əməkdaşlığı mövcuddur.
“Bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Azərbaycanla Macarıstan beynəlxalq səviyyədə də biz bir-birinin mövqeyini müdafiə edir. Xüsusilə iki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, Macarıstanın “Wizz Air” aşağı büdcəli aviaşirkəti Bakı ilə Budapeşt arasında birbaşa reyslər həyata keçirir. Macar şirkətləri, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştiraka böyük maraq göstərirlər və bununla əlaqədar müvafiq layihələr təqdim ediblər. Bundan əlavə, Macarıstan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə fəaliyyətin dəstəklənməsi üçün könüllü yardım qismində 25 min avro ianə edib. Eyni zamanda, belə qısa müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin nəzərəçarpan dərəcədə artımı yüksək səviyyəli tərəfdaşlığın əyani sübutudur.
Yuxarıda qeyd edilənlərin nəticəsidir ki, hazırda Azərbaycanın mühüm tərəfdaş olan Macarıstan ilə əlaqələri yüksək səviyyədədir. Eyni zamanda, ölkələr arasındakı siyasi, iqtisadi, humanitar və digər sahələrdəki əməkdaşlıq yeni inkişaf mərhələsindədir. Qarşılıqlı siyasi, sosial-iqtisadi münasibətlər iki ölkənin birgə səyi ilə mühüm tədbirlərin, önəmli layihələrin uğurla reallaşdırılmasına əlverişli imkan yaradır”, - deyə E.Kərimli diqqətə çatdırıb.