PREZİDENT TƏQAÜDÇÜSÜNÜN ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVƏ SONSUZ MƏHƏBBƏTİ
Ağdam rayonundan olan məcburi köçkün Aysel Əkbərova üç il bundan əvvəl 668 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuşdur. Hazırda universitetin 3-cü kursunda əla qiymətlərlə təhsil alan bu gənc qız Prezident təqaüdünə layiq görülmüşdür. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatı bütün Azərbaycan vətəndaşları kimi, məcburi köçkün ailəsindən olan tələbəni də ürəkdən kədərləndirmişdir.
O, AZƏRTAC-ın müxbirinə demişdir ki, 2001-ci ildə Prezident sarayında keçirilən toplantıda müdrik rəhbərimiz Heydər Əliyev 25 tələbə arasında Prezident təqaüdünə layiq görüldüyümə görə məni də təbrik etdi. O unudulmaz görüşü indi də xatırlayıram. Fəxri xiyabana gedərək dahi şəxsiyyətin məzarını dəfələrlə ziyarət etmişəm. Böyük insanın şərəfli ömür yolu biz gənclər üçün örnəkdir. İllər ötsə də müdrik rəhbərimizi, gənclərin yaxın dostu, xalqımızın xilaskar oğlu Heydər Əliyevi heç vaxt unutmayacağıq.