Prokurorluq əməkdaşları Türkiyədə işgüzar səfərdə olub
Bakı, 19 dekabr, AZƏRTAC
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində yerləşən Məhkəmə-Tibbi Ekspertiza Şurasına (Adli Tıp Kurumu) birgə fəaliyyət səfəri baş tutub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfərdə prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev, Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov və digər qurumların əməkdaşları iştirak ediblər.
Səfər zamanı nümayəndə heyəti Türkiyənin Məhkəmə-Tibbi Ekspertiza Şurasının və İstanbul Cərrahpaşa Universitetinin Adli Tıp və Adli Bilimlər İnstitutunun rəhbərliyi və əməkdaşları ilə görüşlər keçirib, həmin qurumların tabeliyində olan müxtəlif laboratoriyaların fəaliyyəti ilə tanış olub, təcrübə mübadiləsi aparıb, habelə DNK tədqiqatları sahəsində Türkiyənin və Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə qarşılıqlı məlumatlar verilib.
Görüş zamanı prokurorluğun nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildikdən sonra, dövlət başçısının tapşırığına əsasən, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın axtarışı prosesinin daha intensiv xarakter alması, həmin dövr ərzində işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan götürülmüş insan sümük qalıqlarının Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə eyniləşdirilməsi məqsədilə məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilməsi və bu sahədə qabaqcıl texnologiyalardan və müasir avadanlıqlardan istifadə edilməklə müsbət nəticələrin də əldə edilməsi qeyd olunub.