Qanun pozuntusu ilə bağlı yazılan məktubla əlaqədar araşdırma aparılmışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçtuna Ramiz Xəlilov adlı vətəndaşdan Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində sentyabrın 30-da tranzit yolda qəzaya uğramış maşın vasitəsilə qanunsuz kəsilmiş ağac materialının daşınması barədə məktub və fotoşəkillər daxil olmuşdur.
Zaqatala Dövlət Təbiət Qoruğundan verilən məlumata görə, “URAL” markalı maşının törətdiyi qəza hadisəsi Zaqatala Dövlət Təbiət Qoruğunun deyil, eyni adlı yasaqlığın “Axkimal” adlanan sahəsinin 1 saylı dolayının 115-ci kvartalında, geoloji kəşfiyyat işləri aparılan əraziyə gedən yolda baş vermişdir.
Zaqatala Dövlət Yasaqlığının ərazisində qanunsuz ağac kəsilməsi və daşınması ehtimalının olduğunu yoxlamaq məqsədilə nazirlik tərəfindən komissiya yaradılmış və yerində araşdırma aparılmışdır.
Komissiyanın araşdırmasında iştirak etmək və məktubda qeyd edilən, fotoşəkillərdə göstərilən əraziləri komissiya üzvlərinə göstərmək üçün R.Xəlilovun elektron poçt ünvanına məktub göndərilmiş, lakin dəvət cavabsız qalmışdır.
Qeyd edək ki, qanunvericiliyə əsasən, qoruqlardan fərqli olaraq yasaqlıq ərazisində bir sıra fəaliyyətlərə icazə verilir. Həmin ərazidəki yol da istifadəyə açıqdır və bu yol əhalinin yay-otlaq sahələrinə getməsi üçün tranzit yol kimi istifadə olunur.
Komissiya tərəfindən hadisə baş verən ərazidə meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılan zaman meşə sahəsində qanunsuz ağac kəsilməsi faktı aşkar olunmamışdır. Lakin qəza zamanı 120-130 metr məsafə boyunca maşının aşması nəticəsində 8 müxtəlif növ ağacın zədələnməsi müəyyən edilmişdir. Baş vermiş qəza ilə bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi açılmış və istintaq aparılır.
Balakən Rayon Polis Şöbəsi fotoşəkillərdəki avtomaşının “ZIL-131” markalı, qəzaya düşən avtomaşının isə “URAL” markalı olduğunu komissiyaya bildirmişdir.