Qanuna edilən dəyişiklik Azərbaycana turist axınını gücləndirəcəkdir
Bakı, 4 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması bu sahədə çalışanların qarşısında yeni vəzifələr qoymuşdur. Bütün əlaqədar qurumlar, o cümlədən Azərbaycan Parlamenti sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı konkret addımlar atır, müvafiq tədbirlər görürlər.
Milli Məclis ölkəyə gələn turistlərin viza rejiminin sadələşdirilməsi üçün “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edəcəkdir. Artıq layihəyə parlamentin komitələrində baxılmış və sənəd təsdiqlənmək üçün Milli Məclisin ümumi iclasına tövsiyə olunmuşdur.
Qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər əcnəbilərin turizm şirkətləri vasitəsilə elektron qaydada viza almasını asanlaşdıracaqdır. Həmçinin, turizm şirkətləri turistlərə viza almaq üçün şəxsin sənədlərini poçt vasitəsilə ölkəmizin səfirliklərinə və konsulluqlarına göndərə biləcəklər. Sənədlər daxil olduqdan sonra onlara qanunvericiliklə müəyyənləşmiş qaydada və müddətdə baxılacaqdır. Viza “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə rəsmiləşdirilərək, elektron qaydada müraciət edənin elektron poçt ünvanına göndəriləcəkdir. Viza verilməsindən imtina edildikdə isə bu barədə əsaslandırılmış məlumat veriləcəkdir.
Dəyişikliklərə əsasən, əcnəbilərin ərizələrinə əlaqədar qurumlara müraciət olunduğu gündən ən gec bir ay keçənədək baxılacaqdır. Lakin əgər səfər təcili müalicə, Azərbaycanda yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiq edən sənəd təqdim olunduqdan müraciətə 48 saat ərzində baxılacaqdır.
Mütəxəssislərin fikrincə Qanuna təklif olunan əlavələr və dəyişikliklər ölkədə turizmin inkişafına və bu sektora olan marağın daha çox artmasına təkan verəcəkdir.