Qarabağ müharibəsi qazisi: Vətən uğrunda bacardığım hər şeyi edəcəyimə and içirəm
Bakı, 19 iyun, AZƏRTAC
Vətən müharibəsi iştirakçısı, müzəffər Azərbaycan Ordusunun zabiti Elnur Quluyev Füzuli, Ağdam, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1976-cı ildə Salyanın Yenimuğan kəndində anadan olub. Elnur kənddəki orta məktəbi bitirdikdən sonra ali hərbi təhsil alıb.
AZƏRTAC xəbər verir ki, Elnur Quluyev sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin üçüncü günündən etibarən mayor kimi döyüşlərə qatılıb. Müharibənin başa çatmasından bir gün qabaq - noyabrın 7-də Şuşada ağır yaralanıb. Elnur Quluyev minaatanın partlayışının təsirindən havaya qalxaraq ağaca çırpılıb. Əsgər yoldaşlarının şəhid olduğu hadisə zamanı Elnur başından zədələnib və dizindən qəlpə yarası alıb.
Vətən müharibəsində göstərdiyi igidliyə görə 4 medalla təltif edilən Elnurun həyat yoldaşı Yasəmən Quluyeva deyir ki, Elnur başından travma aldığından hazırda nitq qüsuru var: “Yalnız bir neçə kəlmə deyə bilir. İnsult və iflic keçirib, hərəkət etməsi müəyyən qədər məhdudlaşıb. “YAŞAT” Fondu tərəfindən müalicə xərcləri qarşılanaraq diz protezi əməliyyatı üçün Türkiyəyə göndərilmişdi. Hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəsi davam etdirilir”.
Müharibə qazisinə göstərilən dövlət qayğısından söz açan Yasəmən Quluyeva razılığını ifadə edib: “Elnurun müalicə xərcləri dövlət tərəfindən qarşılanır. Əvvəlki ilə müqayisədə sağlıq durumu daha yaxşıdır, axsasa da, şükürlər olsun ki, yeriyə bilir. İnşallah, bundan sonra da müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanaraq Elnurun müalicəsi uğurla tamamlanacaq”.
Yasəmən Quluyeva onu da əlavə edib ki, zabit Elnur Quluyev 2015-ci ildən ordudan tərxis olunaraq təqaüdə ayrılıb. Üç uşaq anası söhbətini bu cümlələrlə tamamlayıb: “Həyat yoldaşım müharibəyə gedəndə çox ümidli görünürdü. İndi övladlarımız da, mən də onun tam sağalaraq əvvəlki vəziyyətinə qayıdacağına ümid etməyə bilmərik. Elnurun bir hərbçi kimi hər zaman ən böyük arzusu Qarabağ uğrunda döyüşmək idi və döyüşdü. O, Vətən uğrunda əlindən gələni əsirgəməyəcəyinə and içib. Elnur daxil olmaqla, bütün qazilərə Allahdan şəfa, şəhidlərə rəhmət diləyirəm!”.