İDMAN
“Qarabağ”ın müdafiəçisi Polşa klubuna azad agent kimi keçir
![“Qarabağ”ın müdafiəçisi Polşa klubuna azad agent kimi keçir](/files/2024/1/1200x630/1705566061617382640_1200x630.jpg)
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Rahil Məmmədova Polşanın LKS (Lodz) klubundan təklif gəlib.
Bu barədə AZƏRTAC-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 29 yaşlı futbolçunun Lodz təmsilçisinə keçidinə icazə verilib: “Məmmədov Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq, ona getməklə bağlı icazə verdi”.
A.Hacıyev futbolçunun yaxın günlərdə tibbi-müayinədən keçəcəyini bildirib: “Proses uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. “Qarabağ” hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi, hazırkı qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç birinin buraxılmamasına qərar verilmişdi. Amma baş məşqçimiz Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq, bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik məsələyə etiraz etmədi”.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, bu transfer üçün “Qarabağ”a təzminat ödənilməyəcək və təcrübəli müdafiəçi Polşa klubuna azad agent kimi keçəcək.
Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”da çıxış edir.