Qarabağın ruhu və poeziyanın rəmzi: Altay Hacıyevin Natəvan triptixləri
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan təsviri sənətində Xurşidbanu Natəvan obrazına ən orijinal və fərdi yanaşmalardan biri Xalq rəssamı Altay Hacıyevə məxsusdur. Altay Hacıyev onun obrazını poetik düşüncənin, simvolik məna yüklərinin və bədii təxəyyülün daşıyıcısına çevirib. Rəssam üçün Natəvan yalnız XIX əsr şairi deyil, Qarabağın ruhu, Azərbaycan qadınının mənəvi gözəlliyi və poeziyanın rəmzidir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov söyləyib.
O diqqətə çatdırıb ki, Altay Hacıyevin Xurşidbanu Natəvana həsr etdiyi triptix Azərbaycan rəngkarlığında şairənin ən təsirli təsvirlərindən biridir. “Əsərin mərkəzi hissəsində Natəvan obrazı yerləşdirilən, yan panellərdə isə onun mənəvi dünyasını tamamlayan rəmzi elementlər verilib. Triptixin kompozisiyası klassik portret prinsiplərinə əsaslanmır. Burada əsas məqsəd tarixi şəxsiyyətin zahiri görünüşünü canlandırmaq deyil, onun daxili aləmini açmaqdır. Natəvan mərkəzi hissədə sakit və düşüncəli vəziyyətdə təqdim olunur. Onun əlində kitabın olması ilk növbədə poeziya və maarifçilik fəaliyyətinə işarə edir. Kitab burada eyni zamanda mənəvi irsin və söz sənətinin rəmzidir. Yan hissələrdə görünən güllər, dekorativ motivlər və işıq axınları Natəvan yaradıcılığının lirik ruhunu ifadə edir. Xüsusilə qızılı və qırmızı tonların üstünlük təşkil etməsi obrazı adi portret səviyyəsindən çıxararaq romantik qəhrəmanlıq müstəvisinə yüksəldir. Bu rənglər həm Qarabağ təbiətinin zənginliyini, həm də Natəvan poeziyasındakı hiss və duyğuların qüvvəsini simvolizə edir. Əsərin ən maraqlı cəhətlərindən biri fiqurun sanki real məkanda deyil, poetik təxəyyül məkanında təqdim olunmasıdır. Burada konkret zaman və məkan hiss olunmur. Natəvan tarixdən çıxaraq ümummilli yaddaşın bir hissəsinə çevrilir”, - deyə A.Xəlilov əlavə edib.
Dosent Xalq rəssamı Altay Hacıyevin “Xurşidbanu Natəvan” adlı digər triptix əsərinin dominant rəngi olan al-qırmızı və narıncı çalarların ilk baxışdan diqqəti cəlb etdiyini deyib: “Kompozisiyanın mərkəzində Natəvanın zərif fiquru yerləşdirilib. Onun ətrafında uçan quşlar, xəttatlıq elementləri və dekorativ axınlar görünür. Bu elementlərin hər biri müəyyən məna yükü daşıyır. Quş motivləri azadlıq, ruhun yüksəlişi və poetik ilham rəmzi kimi çıxış edir. Natəvanın şeirlərində tez-tez rast gəlinən həsrət, ayrılıq və mənəvi azadlıq mövzuları burada təsviri vasitələrlə ifadə edilib. Yuxarı hissədə yerləşdirilən yazılar klassik Şərq kitab mədəniyyətinə işarə edir. Bununla rəssam Natəvanı təkcə şairə kimi deyil, bütövlükdə Şərq ədəbi mühitinin nümayəndəsi kimi təqdim edir. Burada Natəvan obrazı sanki real insan olmaqdan çıxaraq poetik əfsanəyə çevrilir”.
Müxbir – Fidan Əlizadə