Qars, Ərzurum və İğdırdan olan jurnalistlər Qarabağa səfər ediblər
Xankəndi, 3 noyabr, AZƏRTAC
Qars, Ərzurum və İğdırdan olan 15 nəfərlik jurnalist qrupu Qarabağa səfər edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində jurnalistlər əvvəlcə Xocalının Əsgəran qalasında olublar. Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. Media nümayəndələrinə XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən Əsgəran qalası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qala Qarabağ xanlığının Şərq qapısı kimi tanınıb və müdafiə məqsədilə tikilib.
Türk jurnalistlər sonra Xocalı şəhərində aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə tanış olublar. Onlar Xocalıya qayıdan sakinlərlə görüşüb, onların təəssüratlarını öyrəniblər.
Səfərin növbəti dayanacağı Xankəndi şəhəri olub. Qarabağ Universitetində media nümayəndələrinə ali təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi və gələcək planlar barədə məlumat verilib.