Qarsda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb


Ankara, 10 may, AZƏRTAC
Qars şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar Heydər Əliyev parkında toplaşaraq, Azərbaycan dövlətçiliyinin memarının büstü önünə gül dəstələri qoyublar.
Böyük dövlət xadiminin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev jurnalistlərə açıqlamasında Heydər Əliyevin dövlətçiliyimizin xilası, möhkəmlənməsi və inkişafı ilə birbaşa bağlı olan tarixi rolundan danışıb.
“Heydər Əliyev haqlı olaraq Azərbaycanın tarixində xüsusi yer tutur. Bu dahi dövlət xadiminin uzaqgörən siyasəti respublikamızı taleyüklü bir dövrdə qorudu, böhrandan çıxardı və güclü inkişafın təməlini qoydu. Ümummilli Lider bütün həyatını xalqına həsr etmişdi. Azərbaycanın sabitlik və inkişaf mərhələləri onun adı ilə bağlıdır”, – deyə baş konsul bildirib.
Zamin Əliyevin sözlərinə görə, Heydər Əliyev Türkiyə ilə əlaqələrə xüsusi əhəmiyyət verirdi. “Ölkələrimiz arasında dostluq, həmrəylik və dərinləşən əməkdaşlıq, şübhəsiz ki, Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarına əsaslanır. Biz 44 günlük Vətən müharibəsi dövründə Türkiyə xalqının və rəhbərliyinin göstərdiyi siyasi və mənəvi dəstəyi heç vaxt unutmayacağıq”, – deyə diplomat vurğulayıb.
O əlavə edib ki, ümummilli liderin siyasi irsi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Baş konsul bildirib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və birgə səyləri sayəsində iki qardaş ölkənin beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib.
Ramin Adbullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara