Qaxda anma mərasimi keçirilmişdir
Qax, 26 fevral (AZƏRTAC). Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Qax şəhərində anma mərasimi keçirilmişdir.
Şəhər bələdiyyəsinin iclas zalında keçirilən tədbirin əvvəlində Xocalı faciəsinin dəhşətli anlarını əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov cinayətkar erməni millətçilərinin öz havadarlarının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliamın bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirmişdir.
İcra hakimiyyəti aparatının şöbə müdiri Məhərrəm Məhərrəmovun “Xocalı qətliamı insanlığa qarşı törədilmiş amansız cinayətdir” adlı məruzəsində erməni cəlladlarının xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasəti konkret faktlarla diqqətə çatdırılmışdır. Məruzədə Xocalı faciəsini doğuran səbəblər, faciənin mahiyyəti və acı nəticələrindən bəhs edilmiş, faciəyə hüquqi-siyasi qiymət verilməsində, faciə ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətləri önə çəkilmişdir.
Mərasimdə çıxış edən natiqlər ermənilərin xalqımıza qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasətini qətiyyətlə pisləmiş, terroru dəstəkləyənləri lənətləmişlər. Çıxışlarda işğal altında olan torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyətli addımları nəticəsində tezliklə geri qaytarılacağına, cinayətkarlar öz layiqli cəzalarını alacaqlarına əminliklərini bildirmişlər.