Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi qeyd olunub
Qax, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə polis şöbəsinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və veteranlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər ərazisində ucaldılan abidəsini, daha sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qax şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Liderin və şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov əvvəlcə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və digər mükafatlar, polis veteranlarına isə hədiyyələr təqdim olunub.