Qaxda torpaqların su təminatını daha da yaxşılaşdırmaq üçün dəmir-beton kanallar çəkilir
Qax, 13 mart, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qax rayon Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanallarında 613 min kubmetr həcmdə lildən təmizləmə işləri həyata keçirilib, 43 ədəd hidropost və 67 ədəd hidroqurğu təmir olunub. Eyni zamanda, ötən il dəmir-beton kanallarda 1587 kubmetr həcmdə təmir işləri aparılıb. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədilə rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilib, çay yataqlarında 1 milyon 30 min kubmetr həcmdə məcratəmizləmə işləri görülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, suvarma kanallarının və çay yataqlarının təmizlənməsi işləri bu il də davam etdirilir və yanvar-fevral aylarında idarə tərəfindən artıq 91,3 min kubmetr həcmdə lildən təmizləmə və 119,8 min kubmetr həcmdə məcratəmizləmə işləri həyata keçirilib.
İdarə rəisi bildirib ki, əkin sahələrinin suvarılmasını təmin edən torpaq kanallarda su itkisinin qarşısının alınması məqsədilə hazırda kanalların beton üzlüyə alınması istiqamətində işlər görülür. Əmbərçay kəndinin, həmçinin Qax şəhərinin Qaxmuğal ərazisindəki torpaq kanalların üzərində hər biri 500 poqonmetr uzunluğunda dəmir-beton kanalların çəkilməsi işlərinə başlanılıb. Eyni zamanda, Cəlayir kəndi ərazisindəki torpaq kanal üzərində 700 poqonmetr, Ağçay kəndi ərazisindən axan Qobala çayı üzərəində 300 poqonmetr uzunluğunda dəmir-beton kanalların çəkilməsinə hazırlıq işləri görülür. Qobala çayı üzərində iki ədəd dəmir-beton körpünün tikintisi də nəzərdə tutulur. Bu işlərə aprelin əvvəlində başlanılacaq.
Soltan Camalov bildirib ki, idarənin bu il üçün iş planına Ağçay çayının sağ sahilində 150 poqonmetr uzunluğunda daş-beton bəndin tikintisi də daxil edilib. Hazırda bəndin tikintisində torpaq-bünövrə işləri yekunlaşmaq üzrədir. Bundan əlavə, cari ildə idarə tərəfindən 55 ədəd hidroqurğuda, həmçinin 2700 kubmetr daş-beton və 1650 kubmetr qabion bəndlərdə təmir işlərinin aparılması da nəzərdə tutulur. Bu ilin ötən iki ayında daş-beton bəndlərdə 300 kubmetr, qabion bəndlərdə isə 150 kubmetr həcmdə təmir işləri aparılıb və hazırda bu işlər davam etdirilir.