Qazax rayonunun Çaylı kəndində sakinlərin təbii qazla bağlı müraciətləri dinlənilib
Bakı, 23 avqust, AZƏRTAC
“Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon”u Qazax rayonunun Çaylı kəndində qurulub.
İB-dən AZƏRTAC-a bildirilib ki, birliyin Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların qaz təsərrüfatına dair problemlərinin dinlənilməsinə və onlara birliyin səlahiyyətləri çərçivəsində köməklik edilməsinə xidmət edən aksiyanın imkanlarından yararlanmağa çağırıb.
“İstifadə etdiyim qaza görə borcum yaranıb. Sizdən xahiş edirəm ki, borcu hissə-hissə ödəməyim üçün mənə müəyyən vaxt verəsiniz”, - deyə Qazax rayonunun Çaylı kənd sakini Elşad Bənnayev “Açıq mikrofon” aksiyası çərçivəsində sakinlərlə keçirilən görüş zamanı bildirib.
Bundan əlavə aksiya zamanı qaz sayğacının yerinin dəyişdirilməsi, fərdi qazlaşma, küçə qaz xəttinin çəkilişi ilə bağlı müraciətlər də ünvanlanıb. Hər bir sakinin müraciəti Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.