Qazaxda 15 mindən çox sakin pulsuz tibbi müayinədən keçib
Qazax, 5 mart, Famil Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən artıq bir neçə ildir ki, ölkəmizdə vətəndaşların pulsuz tibbi müayinəsi həyata keçirilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu vacib tədbirin mütəşəkkil keçirilməsi məqsədilə hazırlıq işləri aparılıb və tibbi personal bu işə cəlb olunub.
Fevral ayının 12-dən start götürən tibbi müayinə hazırda rayonda uğurla davam edir. Kəndlərdə və digər yerlərdə yataq xəstələrinə həkim briqadaları onların evlərində tibbi xidmət göstərir, eyni zamanda, rayonun cəbhə bölgəsində yerləşən kəndlərinə tam tərkibdə səyyar həkim briqadaları ezam olunur.
Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda 18 yaşdan yuxarı olan əhalinin sayı 70 min nəfərdən çoxdur. Tibbi müayinə Müalicə Diaqnostika Mərkəzi ilə yanaşı, rayon üzrə iki daimi məntəqədə və bir səyyar briqada tərəfindən aparılır. Proses başlayan gündən bəri rayonda 15 min 492 nəfər tibbi müayinədən keçib.
Müayinədən keçənlərin 1490 nəfərinə ambulator müalicə təyin edilib, 90 nəfəri stasionar müalicəyə cəlb olunub, 48 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb, 46 nəfəri isə Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.