COP29
Qazaxıstan 2026-cı ildə regional iqlim sammitinə ev sahibliyi edəcək
Astana, 14 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qazaxıstan pavilyonunda “İqlim dialoqu: 2026-cı il Regional İqlim Sammitinə doğru” adlı ilk tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, nazir Erlan Nısanbayev tədbir zamanı iqlim problemlərinin həllinə kollektiv yanaşmanın zəruriliyini vurğulayıb: “İqlim dəyişiklikləri sərhəd tanımır. Biz bu qlobal çağırışla mübarizə aparmaq üçün qüvvələrimizi birləşdirməliyik”.
Tədbir zamanı nazir iqlim təşəbbüslərinin həyata keçirilməsinə verdikləri töhfəyə və qarşıdan gələn regional sammitin təşkilində dəstəyə görə beynəlxalq tərəfdaşlara minnətdarlığını bildirib. O qeyd edib ki, beynəlxalq təşkilatlar əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.
“Regional iqlim sammiti iqlim dəyişikliyi ilə mübarizə üzrə birgə strategiyaların işlənib hazırlanması üçün platforma yaradacaq”, -deyə E.Nısanbayev bildirib.
Onun sözlərinə görə, Qazaxıstan qabaqcıl təcrübə və innovativ həllərin mübadiləsini asanlaşdıraraq açıq və konstruktiv dialoq üçün şərait yaratmaq niyyətindədir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana