Qazaxıstan Avropanı Orta Dəhlizin yüklənməsinin azaldılmasına yönəlmiş layihələri sürətləndirməyə çağırır
Astana, 14 noyabr, AZƏRTAC
Brüsseldə “Orta Dəhliz və Qlobal Qapılar” mövzusuna həsr olunmuş Berlin Avrasiya Klubunun 44-cü illik iclası keçirilib.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müzakirələrin mərkəzində Qazaxıstanın Avropa və Asiya arasında nəqliyyat qarşılıqlı əlaqəsinin yeni arxitekturasının formalaşmasında artan rolu olub.
İclasda Qazaxıstan və Avropa İttifaqının dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyaları, ekspert və elmi dairələrin təmsilçiləri, logistika şirkətləri və maliyyə institutları iştirak ediblər.
Qazaxıstanın Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəsi Roman Vasilenko Avropa İttifaqının Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına böyük maraq göstərdiyini və bu məqsədlə təqribən 20 milyard avro ayırmağı planlaşdırdığını qeyd edib.
O, həmçinin Avropa institutlarını Orta Dəhlizin “dar boğazlarının” aradan qaldırılmasına yönəlmiş layihələrin praktiki həyata keçirilməsinə çağırıb.
Almaniyanın Şərq İqtisadiyyat Komitəsinin icraçı direktoru Mixael Harms öz növbəsində vurğulayıb ki, “Global Gateway” təkcə Çin və Avropanın birləşdirilməsi deyil, həm də regionlararası ticarətin inkişafı və Aİ-nin qonşuluq siyasətinin gücləndirilməsi, Mərkəzi Asiya, Qafqaz və Aİ-nin müasir və dayanıqlı nəqliyyat və rəqəmsal dəhlizlərlə birləşdirilməsi deməkdir.
“Əgər ticarət inkişaf edirsə, onun ardınca investisiyalar gəlir. Etibarlı logistika malların bazarlara vaxtında çatmasına, yeni qiymət zəncirlərinin və sənaye tərəfdaşlıqlarının formalaşmasına imkan yaradır. Fəaliyyət göstərən nəqliyyat infrastrukturu olmadan hətta ən vacib xammala çıxış belə mənasını itirir”, - deyə M.Harms qeyd edib.
Müzakirələr zamanı ayrı-ayrı sektorlar üzrə əməkdaşlıq perspektivləri, eləcə də Almaniya və Avropanın logistika şirkətlərinin Qazaxıstan ərazisində fəaliyyətinin genişləndirilməsi üzrə təcrübə və planları müzakirə olunub.
Astana