QAZAXISTAN NEFT VƏ QAZ İSTEHSALININ TƏHLÜKƏSİZLİYİNƏ NƏZARƏT PROQRAMINI TƏSDİQ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan hökuməti 2004-2010-cu illər üçün fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə bağlı dövlət sisteminin inkişaf proqramını təsdiq etmişdir. Əsasən, neft və qaz istehsalının təhlükəsizliyinə nəzarət edəcək proqramda göstərilir ki, Xəzər dənizində və Qaraçaqanak yatağında aparılan neft əməliyyatlarının təhlükəsizliyinə nəzarət olunmasa, bu, ətraf mühitin çirklənməsi, Qazaxıstanın və qonşu dövlətlərin flora və faunasına böyük ziyan vurulması və respublikaya iri həcmdə ekoloji cərimələrin tətbiqi ilə nəticələnə bilər.
Qərbi, Mərkəzi və Şərqi Qazaxıstan regionunda seysmik vəziyyətə ciddi diqqət göstərilməsi, baş verə biləcək zəlzələlərin ekologiyaya ciddi ziyan vurması məsələləri də bu sənəddə xüsusi vurğulanır.
Qazaxıstan 2015-ci ildə neft istehsalını ildə 150 milyon tona, o cümlədən Xəzər şelfində ildə 100 milyon tona çatdırmaq fikrindədir. 2003-cü ildə Qazaxıstanda neft istehsalı təxminən 51,4 milyon ton olmuşdur.