QAZAXLILAR MÜXALİFƏTİN MİTİNQLƏRİNƏ SON QOYULMASINI TƏLƏB EDİRLƏR
Tədbirdə gənclər adından Kamal Əhmədov, Xasay Balayev, Qarabağ müharibəsi əlilləri adından Dünyamalı Zeynalov, ağsaqqallar adından Müseyib Dilbazov, ziyalılar adından Mustafa Mirzəyev və başqaları çıxış edərək, Milli Məclisə seçkilərin demokratik, aşkarlıq şəraitində keçdiyini vurğulamışlar. Ölkə daxilində dayaqlarını itirən müxalifətin bu seçkilərdə məğlubiyyətini ört-basdır etmək üçün mitinq keçirmələri xalqın haqlı narazılığına səbəb olmuşdur. İqtidara böhtan atan müxalifət partiyalarının liderləri hər cür iyrənc vasitələrdən istifadə etməyə çalışırlar. Xüsusilə, Bakı şəhərində əhalinin dincliyinin pozulmasına gətirib çıxaran başıpozuq toplantı keçirmələri xalqı ciddi narahat edir. Kimdənsə dəstək gözləyən belə üzdəniraq liderlər hörmətli Prezidentimiz İlham Əliyevin son illərdə xalqın sosial, iqtisadi, maddi rifah halının yüksəldilməsi sahəsində apardığı ardıcıl siyasəti görmək istəmirlər.
Biz, toplantı iştirakçıları Prezident İlham Əliyevin siyasətinin müdafiəçiləri olmağımızı bəyan etməklə, müxalifət partiyalarının liderlərinə deyirik:
- Bəsdir, xalq kimin kim olduğunu yaxşı görür. Ölkəyə heç bir xeyir verməyən siyasətçilər bizə lazım deyil. Biz Prezidentimizin daxili və xarici siyasətini müdafiə edir və alqışlayırıq.
Toplantıda çıxış edən Müsavat Partiyası üzvlərindən Əkbər Əsgərov, Namiq Allahverdiyev, Elman Qocayev və AXCP üzvlərindən Əlövsət Yusifov, Qulu Quliyev, Vilayət Mehrabov partiya liderlərinin apardığı uğursuz siyasətdən, xalqla iqtidar arasında qarşıdurma yaratmağa çalışmalarından danışaraq partiya sıralarını tərk etdiklərini bildirmişlər.