Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turizm şirkətlərini əməkdaşlığa dəvət edir
Qəbələ, 8 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu rayon mərkəzindən təxminən 18 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşir. Bu ərazi ölkəmizə səfər edən xarici və yerli turistlərin üz tutduğu tarixi məkanlardan biridir. Tarixi sirlərlə zəngin olan Qoruq və ərazidəki Qəbələ Arxeoloji Mərkəzi tarix, mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi məkanı əhatə edir.
Qoruğun direktoru Zahir Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhər mərkəzinin qalıqlarının olduğu bu ərazi arxeoloji tədqiqatların aparılması baxımından, həmçinin mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Ümumilikdə 420 hektar ərazini əhatə edən qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir. Ərazisi 50 hektar olan Antik şəhər yeri eramızdan əvvəl IV əsrdən eramızın I əsrinədək olan dövrdə Qəbələnin əsas mərkəzi hesab edilib. Səlbir ərazisi Qaraçay və Covurlu çayları arasında hündür yaylalardan ibarətdir. Ərazisi 13 hektar olan Səlbir eramızın I əsrindən XII əsrədək olan dövrü əhatə edir. Eramızın I-XVIII əsrlərini əhatə edən Qala ərazisi də Qaraçay və Covurlu çayları arasında hündür yayladan ibarətdir və XI əsrdə xəndək vasitəsilə iki hissəyə ayrılıb.
Direktorun sözlərinə görə, qoruq ərazisində ümumilikdə 4 min kvadratmetr sahədə arxeoloji qazıntılar aparılıb. Aşkar edilən arxeoloji tapıntıların üzəri konservasiya olunub, məlumat lövhələri və göstərici nişanlar quraşdırılıb. SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə qoruğun yaxınlığında müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib. Arxeoloji Mərkəz şəhərin tarixi keçmişini və bu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəsillərə çatdırmaq baxımından əvəzedilməz bir məkandır. Bura, eyni zamanda, elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. Arxeoloji Mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir. Qazıntının nəticələri dövrü olaraq SEBA Assosiasiyasının maliyyə dəstəyi ilə Azərbaycan və ingilis dillərində nəşr edilir.
Zahir Kərimov bildirib ki, qoruğa gələn turist və qonaqlar ərazidə aparılmış arxeoloji qazıntı işləri və Qəbələ Arxeoloji Mərkəzdə sərgilənən arxeoloji materiallarla yaxından tanış olurlar. Turistlərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidməti göstərilir. Turistlərin istirahətinin səmərəli təşkili məqsədilə ziyarətçilərə milli mətbəximizin ləziz təamlarını dadmaq, meşə və göl ətrafında atla, həmçinin faytonla gəzinti, balıq ovlamaq imkanı yaradılıb. Ərazidə uşaqlar üçün əyləncə məkanı, idman və oyun meydançaları da fəaliyyət göstərir. Ziyarətçilərə, həmçinin ilkin tibbi xidmət, kitabxana, foto çəkilişi, meşə ərazisində ailəvi piknik, axşam saatlarında film nümayişi, nəqliyyatın saxlanılması və mühafizəsi üçün dayanacaq, rayonun görməli yerlərinə və tarixi məkanlarına səyahət və digər xidmətlər də göstərilir.