QAN YADDAŞI
Qəbələdə “20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür” mövzusunda tədbir keçirilmişdir
Qəbələ, 20 yanvar (AZƏRTAC). Qəbələ Mərkəzi Rayon Kitabxanasında “20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət işçiləri, rayon ziyalıları, gənclər və şagirdlər iştirak etmişlər. Onlar əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş foto guşə və kitablardan ibarət sərgi ilə tanışlıq olmuşlar.
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Kitabxananın direktoru Ramiz Mirzəyev, rayon ziyalıları çıxış edərək bildirmişlər ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirmişdir. Məhz bunun nəticəsində xalqımız uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşmuşdur.
Çıxışlarda qeyd olunmuşdur ki, bu qanlı hadisədən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə öz dərin nifrətini bildirir. 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd olunsa da xalqımız şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki, Vətən və millət şəhidləri ilə ucalır.