QƏBƏLƏDƏ MDB DÖVLƏTLƏRARASI HİDROMETEOROLOGİYA ŞURASININ 22-Cİ SESSİYASI BAŞA ÇATMIŞDIR
Bakı, 6 oktyabr (AZƏRTAC). Azərbaycanın Qəbələ şəhərində MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının (DHMŞ) 22-ci sessiyası başa çatmışdır.
Sessiyanın son günündə 2006-2010-cu illərdə hidrometeorologiya sahəsində görülmüş elmi-tədqiqat işləri barədə hesabat dinlənilmiş, 2011-2015-ci illər üçün elmi-tədqiqatların yeni planı müəyyən edilmişdir.
Sessiyada Rusiya Hidrometeorologiya Mərkəzinin direktoru R.Vilfandın MDB DHMŞ-nin birgə layihəsi olan Şimali Avrasiya Regional İqlim Mərkəzinin işi barədə hesabatı və MDB ölkələrinin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun olaraq qlobal iqlim sazişi üzrə danışıqlarda iştirakı müzakirə olunmuşdur.
Daha sonra hidroloji və iqlim məlumatlarının təhlili üzrə kompyuter proqramlarına, cədvəl kodlarına keçid məsələsinə, habelə hidrometeoroloji məlumatlar mübadiləsi, rabitə sistemləri və teleəlaqə məsələlərinə baxılmışdır.
Sessiyada Dünya Meteorologiya Təşkilatı Avropa Bürosunun direktoru Dmitri İvanov çıxış edərək, təşkilatın işçi qruplarının yeni strukturundan və regionda həyata keçirilən layihələrdən danışmışdır.
Müzakirələrdən sonra regionda hidrometeoroloji fəaliyyətin uzunmüddətli strategiyası sənədi, eyni zamanda, MDB DHMŞ-yə dair sazişdə bəzi dəyişikliklər edilməsi barədə təkliflər qəbul olunmuşdur.
Sonda 2011-ci ildə keçiriləcək növbəti 23-cü sessiyanın gündəliyi təsdiq edilmişdir.