QƏBƏLƏDƏ MDB DÖVLƏTLƏRARASI HİDROMETEOROLOGİYA ŞURASININ 22-Cİ SESSİYASI KEÇİRİLİR
Qəbələ, 5 oktyabr (AZƏRTAC). Oktyabrın 5-də Qəbələdəki “Qafqaz Riverside” hotelində MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının 22-ci sessiyası öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dünya Meteorologiya Təşkilatının prezidenti və baş katibi, Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ukraynanın milli hidrometeoroloji xidmət qurumlarının rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmçinin alim və mütəxəssislər iştirak edirlər.
Sessiyanı giriş sözü ilə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov açaraq bildirmişdir ki, dünya hidrometeorologiyasının tərkib hissəsi olan Azərbaycanda bu sahənin günün tələblərinə uyğun inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bununla bağlı 2004-cü ildən başlayaraq ölkədə hidrometeorologiyanın inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir və digər bir neçə vacib layihələr reallaşdırılır.
Nazir bildirmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Bazardüzü-Şahdağ-Tufandağ yüksək dağlıq ərazisində dünyanın ən nadir hidrometeoroloji və ekoloji tədqiqat elm mərkəzinin açılması və 2700, 3500 və 4172 metr yüsəkliklərdə quraşdırılan 3 ədəd avtomat meteoroloji stansiya vasitəsilə məlumatların əldə edilməsi dünya səviyyəsində iqlim dəyişmələrinin öyrənilməsinə mühüm bir töhfədir.
Tədbirdə Dünya Meteorologiya Təşkilatının prezidenti Aleksandr Bedritski, bu təşkilatın baş katibi Mişel Jarro qlobal iqlim dəyişmələri ilə əlaqədar hidrometeorologiya xidmətlərinin qarşısında duran yeni vəzifələrdən və onların yerinə yetirilməsi yollarından danışmışdır. M.Jarro 2009-cu ildə keçirilmiş 3-cü Dünya İqlim Konfransında qəbul edilmiş İqlim Xidmətləri Sisteminin yaradılması üzrə görülən işlər barədə məlumat vermişdir.
Sessiyada milli hidrometeoroloji xidmət qurumlarının MDB və Dünya Meteorologiya Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti, iştirakçı ölkələrdə hidrometeoroloji təhlükəsizlik konsepsiyasının yerinə yetirilməsi, 2006-2010-cu illərdə hidrometeoroloji fəaliyyət sahəsində həyata keçirilən layihələr və 2011-2015-ci illər üçün bu sahənin əsas inkişaf istiqamətləri müzakirə edilmişdir.
Oktyabrın 6-da başa çatacaq tədbirdə regionda hidrometeoroloji fəaliyyətin inkişaf strategiyası sənədi layihəsinin qəbul edilməsi gözlənilir. Sonradan bu sənəd MDB Hökumət Başçılarının Şurasına təqdim ediləcəkdir. Sessiyada iqlim dəyişmələri, elmi tədqiqatlar, kadr hazırlığı və bir sıra digər məsələlərə də baxılacaqdır.
Sessiyanın işində Dünya Meteorologiya Təşkilatı Avropa bürosunun rəhbəri Dmitri İvanov iştirak edir.
######
