Qəbələdə “Xocalı faciəsi xalqın qan yaddaşıdır” mövzusunda tədbir keçirilmişdir
Qəbələ, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətində “Xocalı faciəsi xalqın qan yaddaşıdır” mövzusunda tədbir keçirilmişdir.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Qüdrət Səmədov, məcburi köçkünlərdən Əhəd Həsənov, Kamal Məmmədov çıxış etmişlər. Bildirmişlər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini məhv edərək soyqırım aktı törətmiş, dinc sakinlər qəddarcasına, dözülməz işgəncə ilə öldürmüş, girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalmışlar. Natiqlər qeyd etmişlər ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, dinc əhalinin kütləvi və amansız qırğın aktı təkcə Azərbaycan xalqına qarşı yox, bütün insanlığa qarşı törədilən ən ağır cinayət kimi qiymətləndirilmişdir.
Çıxışlarda bu qanlı faciənin əsl mahiyyətinin azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini dünya birliyinə çatdırmaq üçün daha çox iş görülməsinin vacibliyi qeyd olunmuşdur.
Natiqlər xalqımızın məruz qaldığı faciələrin, o cümlədən Xocalı soyqırımının Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində dünya ictimaiyyəti tərəfindən tanınacağına, münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq, yaxın vaxtlarda sülh yolu ilə öz ədalətli həllini tapacağına əmin olduqlarını bildirmişlər.
Tədbirin sonunda Xocalıdan olan məcburi köçkün ailələrinə rayon icra hakimiyyəti tərəfindən maddi köməklik göstərilmişdir.