“Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa təşkil olunub








Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbirdə çıxış edərək Qərbi azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurdlarında üzləşdikləri deportasiyalar barədə məlumat verib, soydaşlarımızın geri qayıdışı prosesində gənclərin rolunun önəmindən danışıb.
Tədbirin moderatoru - Milli Məclisin Gənclər və idman komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov gənclərlə Qərbi Azərbaycan mövzusunda keçirilən görüşlərin silsilə hal aldığını, müzakirələrin onların bu mövzuda daha ətraflı məlumata malik olmalarında önəmli rol oynadığını qeyd edib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə “Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri” mövzusunda çıxış edib. Qərbi Azərbaycandan olan şəxsiyyətlərin Azərbaycan tarixində və dövlətçiliyində rolundan bəhs edən D.Seyidzadə bu ziyalıların keçdikləri işıqlı həyat yoluna toxunub.
Daha sonra Qərbi Azərbaycan Televiziyasının Qərbi Azərbaycan mövzusunda hazırladığı film nümayiş etdirilib.
ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Qərbi Azərbaycan reallıqlarının daha geniş ictimaiyyətə çatdırılmasında universitetlərin rolundan danışaraq tələbələrin bu həqiqətlərin dünyaya çatdırılması prosesində fəal olmalarının vacibliyini vurğulayıb.
Azərbaycanın dövlətçilik tarixində İrəvan xanlığının rolu mövzusunda çıxış edən tarix elmləri doktoru Güntekin Nəcəfli İrəvan xanlığının zəngin tarixindən, bölgənin həyatında oynadığı mühüm roldan danışıb.
İcmanın Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, oftalmoloq Paşa Musayev gənclərin Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştiraklarının həm bölgənin mədəni irsinin qorunması, həm də bu prosesdə fəal rol almaları baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Tədbir gənclərin sualları və təklifləri əsasında interaktiv formatda fikir mübadiləsi ilə davam edib.