CƏMİYYƏT
Qeyri-dəqiq məlumatlar insanların sağlamlıqları ilə bağlı səhv qərar verməsinə səbəb ola bilər




Bakı, 26 sentyabr, AZƏRTAC
Jurnalistlər və sosial media fəalları üçün “İnfodemiyanın İdarəolunması” üzrə təlim təşkil edilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin məqsədi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vaksinasiyaya dəstək” layihəsi və ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramı çərçivəsində peyvəndlər də daxil olmaqla sağlamlıq mövzuları ilə bağlı geniş yayılmış yanlış məlumat və miflərlə mübarizə yollarını təkmilləşdirməkdir.
Təlimdə bildirilib ki, rəqəmsal dünyada qeyri-dəqiq və elmi əsası olmayan məlumatların daha geniş və sürətlə yayılması insanların sağlamlıqları ilə bağlı səhv qərar verməsinə səbəb ola bilər. Buna görə də insanların etibarlı mənbələrə istinadən doğru məlumat əldə etməsində jurnalistlərin və geniş izləyici auditoriyası olan sosial media fəallarının rolu əhəmiyyətlidir.
Qeyd olunub ki, təlimin əsas məqsədi, ictimai səhiyyə sahəsində elmi əsası olmayan məlumatların insanların sağlamlığına mənfi təsirini aradan qaldırmaq üçün icmanın tərəddüd və suallarını dinləmə, risklərin dərk edilməsi də daxil olmaqla infodemiyanın idarəolunması üzrə əsas prinsipləri öyrətmək və daha sağlam informasiya ekosisteminin qurulmasına töhfə vermək olub.
ÜST-nin Avropa ofisinin ekspertləri tərəfindən keçirilən təlimdə ölkədə fəaliyyət göstərən müxtəlif media qurumlarını təmsil edən jurnalistlər, sosial media influenserləri və yerli səhiyyə qurumlarının media üzrə nümayəndələrindən ibarət 30-a yaxın şəxs iştirak edib. Təlim zamanı faktların yoxlanılmasının, peyvənd və digər sağlamlıqla bağlı hadisələrin işıqlandırılması zamanı elmi əsası olan məlumatların yayılmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycan ölkə ofisi ötən ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üçillik “Vaksinasiyaya dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.