Qırğız-Türk “Manas” Universitetində Azərbaycan reallıqlarından bəhs edilib
Bişkek, 30 aprel, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Qırğız-Türk “Manas” Universitetində “Azərbaycanla Qırğızıstanın və digər Mərkəzi Asiya ölkələrinin əməkdaşlığı: gerçəklik və inkişafın perspektivləri” mövzusunda mühazirə oxuyub.
Əvvəlcə səfir universitetin professor-müəllim və magistr heyəti ilə görüşüb. Universitetin rektoru, akademik Səbahəddin Balcı H.Orucovun fəaliyyəti haqqında məlumat verib.
Səfir mühazirəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qondarma “erməni soyqırımı” haqqında məlumat verib. Qeyd edib ki, əslində tarixdə Ermənistan adlı dövlət olmayıb, 1828-ci ildə Türkmənçay müqaviləsinə və Rusiya çarının fərmanına əsasən Naxçıvan və İrəvan xanlıqlarının ərazisində “erməni vilayəti” yaradılıb və sonrakı dövrlərdə azərbaycanlılar öz tarixi-etnik torpaqlarından mərhələ-mərhələ deportasiya olunub və soyqırımına məruz qalıblar.
Diplomat bildirib ki, erməni şovinizminin işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt edilib. BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsi barədə 1993-cü ildə qəbul etdiyi dörd qətnamə hələ də yerinə yetirilməyib. Digər beynəlxalq təşkilatlarda da bu məsələ müzakirə olunur, qərarlar qəbul edilir, ancaq işğalçılar Azərbaycan torpaqlarını tərk etmirlər.
Səfir deyib ki, bəzi siyasətçilər və diplomatlar bu məsələlərə ikili standartlarla yanaşırlar. Aprelin 24-də Yerevanda təşkil olunan “soyqırımı” şousunu buna misal göstərmək olar. Diplomat 1915-ci ildə soyqırımının ermənilərə deyil, türklərə qarşı törədildiyini vurğulayıb.
H.Orucov türkdilli dövlətlərin birliyinin, əlaqələrinin möhkəmlənməsinin dövlət başçılarımızın önəm verdiyi məsələlər olduğunu qeyd edib. O deyib ki, müasir Azərbaycanın memarı olan Heydər Əliyev müstəqilliyin ilk illərində dövlət institutlarını təkmilləşdirdi, xarici əlaqələrimiz genişləndi, enerji strategiyası reallaşdı və ölkənin uzunmüddətli inkişafının təməli qoyuldu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diplomat bildirib ki, coğrafi baxımdan Azərbaycan Qərb ilə Şərqin kəsişməsində yerləşir, yüklərin Avropadan Asiya bazarlarına və əksinə daşınması üçün ölkəmiz təbii keçid imkanını əldə edib. Bu mənada Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır.
H.Orucov Azərbaycan ilə Qırğızıstan və digər Mərkəzi Asiya ölkələri arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, buna baxmayaraq mövcud potensialdan tam istifadə olunmadığını vurğulayıb.
Sonra səfir professor və müəllimlərin, magistrlərin suallarını cavablandırıb.
Diplomat Qırğız-Türk “Manas” Universiteti ilə Bakı Dövlət Universiteti arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd