QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransı komitənin sədri Gündüz Məmmədov açaraq demişdir ki, son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, əhalinin maddi rifah halı yaxşılaşır. 2006-cı ilin birinci yarısında ümumi daxili məhsulun həcmi 6 milyard manat (AZN) olmuşdur. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 38 faiz çoxdur. Sənaye məhsulu 44 faiz artaraq 5 milyard manata çatmışdır.
Qiymətli kağızlar bazarında da müsbət meyillər yaranmışdır. Göstərilən müddətdə səhm buraxılışı keçən ilə nisbətən 22 faiz artaraq 125 milyon AZN-ə çatmışdır. Səhmlərin tədavülündə irəliləyiş baş vermiş, 4355 əqd bağlanmışdır. Bu, əvvəlki ilin müvafiq dövründəkindən 16 faiz çoxdur.
Natiq sözünə davam edərək demişdir ki, 6 ayda dövlət qısamüddətli istiqrazlarının buraxılışı 69 milyon manatı təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 85-87 faiz artmışdır. Beynəlxalq maliyyə qurumları ilə birgə qeyri-bank korporativ istiqrazlar bazarının yaradılmasına yardım layihəsinin həyata keçirilməsi, dövlət daxili uduşlu istiqrazlar bazarı, veksellərin buraxılışı, depozit sertifikatların, ipoteka kağızlarının, mənzil sertifikatlarının qeydiyyatı, qiymətli kağızlarla girov əməliyyatı sahəsində və komitənin regionlardakı idarələrinin fəaliyyətində müsbət meyillər nəzərə çarpır.
Tədbirdə səhmdarların hüquqlarının müdafiə olunması, bu sahədə nöqsanların aradan qaldırılması, beynəlxalq əlaqələr istiqamətində atılmış addımlardan, lotereya bazarındakı vəziyyətdən də söhbət açılmışdır. Milli Depozit Mərkəzinin prezidenti Bəxtiyar Əzizov, Bakı Fond Birjasının rəhbəri Anar Axundov, ”Azərlotereya” ASC idarə heyətinin sədri Nicat Məmmədov cari ilin 6 ayında görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Qiymətli kağızlar bazarı barədə geniş fikir mübadiləsi aparılmış və jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.