Qobustanda COVID-19 təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər davam etdirilir
Qobustan, 27 mart, AZƏRTAC
Qobustan rayonunda koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tibbi-profilaktik tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq xeyli vaxtdır Gigiyena və Epidemiologiya Mərkəzi xüsusi gücləndirilmiş iş rejiminə keçib. Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq dezinfeksiya işləri gücləndirilib.
Rayonda koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə hər gün idarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış evlərində, evlərin giriş blokları və pilləkənlərdə, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Küçələr xüsusi olaraq dezinfeksiya məhlulları ilə yuyulur.
Bundan əlavə, mütəmadi olaraq sakinlərlə evdə qalmaları, habelə şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə söhbətlər aparılır, 65 yaşdan yuxarı vətəndaşlara küçələrə çıxmamaları tövsiyə olunur.