Quba paketləmə fabrikinin xidmətlərindən “ABAD”çılarla yanaşı, yerli sahibkarlar da faydalanacaqlar VİDEO
Quba, 19 mart, Elxan Yusifli, AZƏRTAC
“ABAD”çıların paketlərə və digər qablaşdırma vasitələrinə olan tələbatı Quba şəhərində fəaliyyətə başlayacaq yeni paketləmə fabriki tərəfindən ödəniləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba paketləmə fabrikinin fəaliyyət göstərəcəyi ikimərtəbəli binada yenidənqurma işlərinə ötən ilin aprel ayından başlanılıb. Binanın ümumi sahəsi 1032 kvadratmetrdir. XX əsrin ortalarında inşa olunan bina uzun illər kinoteatr kimi fəaliyyət göstərsə də, əsaslı təmir olunmadığından yararsız vəziyyətə düşmüşdü. Quba “ASAN Həyat” kompleksində müasir Kinoklub fəaliyyətə başlayandan sonra bu binada restavrasiya və tikinti işlərinə start verilib. İlk mərhələdə binanın dam örtüyünün taxta və döşəmənin armatur konstruksiyaları quraşdırılıb, daxili kommunikasiya xətləri çəkilib. Təmir-tikinti işlərinin, ümumilikdə, 80 faizi başa çatdırılıb.
Quba Regional “ABAD” mərkəzinin direktoru Elxan Nağıyev deyib ki, “ABAD”ın sıralarına qoşulan mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların müasir tələblərə cavab verən qablaşdırma ilə təmin olunması üçün paketləmə fabrikinə böyük ehtiyac var. “ABAD”ın sifarişi ilə şəhərin mərkəzində əvvəllər kinoteatr kimi fəaliyyət göstərmiş ikimərtəbəli bina tamamilə yenidən qurularaq əsaslı təmir olunur. Tikinti işləri yekunlaşdıqdan sonra binada yaradılacaq paketləmə fabrikində müxtəlif formalı məhsul qabları, etiketlər hazırlamaq üçün müasir avadanlıqlar quraşdırılacaq. Fabrikin istehsal sahəsi 650 kvadratmetr olacaq.
İş icraçısı İsa Qənbərov bildirib ki, binada konfrans zalı, iş otaqları, anbar və yeməkxana da fəaliyyət göstərəcək. Binanın əsaslı təmiri ilə yanaşı, burada 2 su anbarı, qazanxana inşa edilir.
Müəssisənin fəaliyyətə başlaması bölgədə işsizliyin aradan qaldırlmasında və milli brendimizin tanıdılmasında mühüm rol oynayacaq. Fabrik fəaliyyətə başladıqdan sonra “ABAD” brendində olan məhsullar müştərilərə yeni dizayn və tərtibatla təqdim olunacaq.
Quba paketləmə fabrikinin xidmətlərindən “ABAD”çılarla yanaşı, yerli sahibkarlar da faydalanacaqlar.
Paketləmə fabrikinin bu il istifadəyə verilməsi nəzərdə tutulub.