REGİONLAR
Qubada sərxoş vəziyyətdə avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO
Quba, 13 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin və spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Məmmədəli Dadaşovun spirtli içkinin təsiri altında olması müəyyən edilib. Eləcə də, həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, M.Dadaşovun marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib. Quba Rayonl Məhkəməsinin qərarı ilə Məmmədəli Dadaşov 15 gün müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 illik məhdudlaşdırılıb.