Qusarın Düztahir kəndində yeni tibb məntəqəsi istifadəyə verilib
Qusar, 29 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Düztahir kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən layihəyə əsasən inşa olunmuş yeni tibb məntəqəsi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibb məntəqəsinin açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Qusar rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər.
Mərasimdə məlumat verilib ki, “Qusar rayonunun Düztahir kəndində yeni tibb məntəqəsinin inşası” layihəsi üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Gənclər inkişafı naminə” İctimai Birliyi arasında 2020-ci il noyabr ayında imzalanıb. Bundan sonra qısa müddətdə tibb məntəqəsinin tikintisi həyata keçirilib. Bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 54 min 980 ABŞ dolları təşkil edir.
Layihənin əsas məqsədi Düztahir kənd sakinlərinin daha keyfiyyətli tibbi xidmətdən istifadəsinin mümkünlüyünü təmin etməkdir. Bu, səfirliyin Qusarda reallaşdırdığı 6-cı layihədir.
Səfir Cuniçi Vada çıxışında bildirib ki, “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı Azərbaycan xalqının yaşayış standartlarının daha da yaxşılaşdırılması məqsədi daşıyan layihələri dəstəkləyir.
Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olublar.
Məntəqə stomatoloji, ginekoloji, peyvənd-pediatriya otaqlarından, anbar və sanitar qovşaqdan ibarətdir.
Rayon mərkəzindən 43 kilometr məsafədə yerləşən Düztahir kəndinin əhalisi 2 min 240 nəfərdir.